“Haishen” tufanı Yaponiyanın cənubunda fəsadlar törədib, xəsarət alanlar var
Tokio, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 6-dan 7-nə keçən gecə güclü “Haishen” tufanı Yaponiyanın cənubunda fəsadlar törədib, 36 nəfər xəsarət alıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, əsasən Kyuşü adasında yerləşən Naqasaki, Kaqoşima və Kumamoto prefekturalarının sakinləri çox sayda xəsarət alıblar. Eyni zamanda, Kyuşü adasının qərbində yerləşən Yamaquçi prefekturasında da dörd nəfər yaralanıb.
Gecə əsən güclü külək elektrik enerjisi xətlərini sıradan çıxarıb. Nəticədə 500 mindən çox ev elektrik enerjisiz qalıb. Tufana görə daha 800 min sakin evlərini tərk edərək təxliyə mərkəzlərində yerləşmək barədə xəbərdarlıq alıb. Beləliklə, burada yerləşən sakinlərin sayı 8,28 milyon nəfərə çatıb.
Hazırda tufanın saatda 40 kilometr sürətlə Koreya yarımadası istiqamətində hərəkət etdiyi bildirilir. Tufanın mərkəzində küləyin sürəti saniyədə 60 metrə çatır.
Tufana görə, 580 yerli aviareys təxirə salınıb, sürətli “Shinkansen” qatarlarının hərəkəti dayandırılıb.
Bazar günü əlaqədar qurumların rəhbərlərinin iştirakı ilə hökumətin fövqəladə iclasını keçirən Baş Nazir Şinzo Abe əhalini qorumaq üçün lazım olan bütün tədbirlərin görülməsi barədə göstəriş verib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio