Həkimlərin peşə məsuliyyəti sığortası müzakirə edilib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin təşkilatçılığı ilə həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun görüşü keçirilib.
ASA-dan AZƏRTAC-a bildiriblər ki, görüş zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ölkələrin təcrübəsinin təqdimatı keçirilib. Təqdimat zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ABŞ, Avropa ölkələri, Türkiyə, Sinqapur, Hindistan və s. ölkələrin təcrübəsinə əsaslanan məlumatlar verilib və daha sonra təqdimat geniş şəkildə müzakirə edilib.
Görüş iştirakçıları beynəlxalq təcrübə əsasında uyğun modelin müəyyən edilməsi və onun yerli şəraitə uyğunlaşdırılaraq Azərbaycanda həkimlərin peşə məsuliyyəti sığortasının icbari tətbiqinin zəruriliyini qeyd ediblər.
Görüşün yekununda bu sahədə işlərin davam etdirilməsi, beynəlxalq təcrübə əsasında uyğun modelin hazırlanması, həmçinin, bu istiqamətdə müvafiq addımların atılması qərara alınıb.
Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun daha əvvəl iki görüşü keçirilib və bununla əlaqədar müzakirələr aparılıb.