HƏMKARLAR İTTİFAQLARININ NÜMAYƏNDƏLƏRİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi, Azərbaycan həmkarlar ittifaqlarının 100 illik yubileyinə həsr olunmuş təntənəli iclasda iştirak etmək üçün bölgələrdən paytaxta gəlmiş nümayəndələr noyabrın 24-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək əklil qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.
Daha sonra onlar Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.