HƏMRƏYLİK GÜNÜ BUXARESTDƏ QEYD EDİLMİŞDİR
Əvvəlcə iştirakçılar - Rumıniyada yaşayan soydaşlarımız və burada təhsil alan tələbələrimiz, Rumıniya-Azərbaycan dostluq cəmiyyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının nümayəndələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmiş, büstü önünə tər çiçəklər düzmüşlər.
Tədbirin iştirakçılarına respublikamızda gedən proseslər, Ermənistanın Azərbaycana təcavüzü, münaqişənin dinc yolla həlli istiqamətində aparılan danışıqlar, 2005-ci ildə ölkəmizdə baş vermiş mühüm hadisələr, o cümlədən parlament seçkiləri əldə olunan uğurlar, Azərbaycan-Rumıniya dostluq, əməkdaşlıq münasibətlərinin inkişafı barədə ətraflı məlumat verilmişdir. Dünya Azərbaycanlılarının həmrəyliyi gününün ümummilli lider Heydər Əliyev tərəfindən təsis edildiyi vurğulanmış, milli və dövlətçilik baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərin, üzləşdiyimiz problemlərin aradan qaldırılmasında, birgə səylərin göstərilməsinin zəruriliyi qeyd olunmuşdur. Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunmuşdur.
Həmvətənlərimiz Azərbaycan Prezidentinin siyasətini tam dəstəklədiklərini vurğulamışlar.