HƏQİQİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci ilin dekabrında imzaladığı müvafiq Fərmana uyğun olaraq, bu il yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlamışdır.
Respublika Hərbi Komissarlığından verilən məlumata görə, yanvarın 20-dək davam edəcək çağırış prosesində minlərlə gənc şərəfli borclarını yerinə yetirmək üçün hərbi xidmətə yollanacaqdır.
Xatırladaq ki, hərbi xidmətə 1988-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1971-1987-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan gənclər çağırılacaqlar.