Hər daşında bir tarix yaşayan Damcılı mağarası VİDEO
Qazax, 14 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qazax rayonunda yerləşən Damcılı mağarası.
Qazax rayonunda yerləşən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki Damcılı mağarasında aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazinin çox qədim - min illər əvvələ aid olduğu müəyyən edilib.
Damcılı mağarası Qazaxın Daş Salahlı kəndi yaxınlığında, Avey dağının ətəyindədir. Ərazidə ilkin arxeoloji tədqiqatlar ilk dəfə 1953-cü ildə aparılıb. 2015-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Muzey Universiteti arasında imzalanan üçtərəfli beynəlxalq memoranduma əsasən, qoruğun “Damcılı” filialı ərazisində Damcılı mağara düşərgəsinin ətrafında aparılan arxeoloji qazıntılarda tarixin bütün mərhələlərinə - Paleolit, Mezolit, Neolit, Eneolit və sonrakı digər dövrlərə aid 5 minə yaxın əmək alətləri, maddi-mədəniyyət nümunələri aşkar edilib.
Damcılı mağarasının yerləşdiyi Avey dağı müxtəlif tarixi dövrlərə təsadüf edən maddi-mədəniyyət, arxeologiya və memarlıq abidələri ilə zəngindir. Ərazidə 8 məbəd, 2 qədim yaşayış yeri, İlk Orta əsrlərə aid qəbiristanlıq, müdafiə divarları və bürcləri olan 2 qala qalığı, 30-a qədər mağara qeydə alınıb. “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində ümumilikdə 56 abidə var.
İnsanlar ilin dörd fəslində “Avey” qoruğunun ərazisindəki məşhur Damcılı bulağına gəlir, burada istirahət edirlər. Yay aylarında isə Damcılıya gələnlər daha çox olur.