HƏR ÜÇ BRİTANİYALIDAN BİRİ PARANOYADAN ƏZİYYƏT ÇƏKİR
Sorğunun nəticələri göstərmişdir ki, bu sindrom ruhi düşkünlük və narahatlıq doğuran pozulma hallarıtək geniş yayılmışdır. Əldə olunmuş məlumata görə, adamların 40 faizi ətrafdakıların onlar haqqında xoşagəlməz sözlər danışdıqlarını düşünür, 27 faizi hesab edir ki, adamlar onları qəsdən əsəbiləşdirir və özündən çıxarır, 20 faizinin fikrincə, onları izləyirlər. Rəyi soruşulanların 10 faizi bu fikirdədir ki, onlara sui-qəsd hazırlanır, 5 faizi isə kiminsə qəsdən onlara zərər yetirməyə çalışmasından narahatdır.
Tədqiqatın müəllifi Daniel Friman demişdir ki, bəzən bankomatdan pul çıxararkən, yaxud pis işıqlandırılmış küçədən keçərkən ehtiyatlı olmaq zəruridir. Ötən il metroda törədilən partlayışlardan sonra sərnişinlər daha ayıq-sayıq olmuşlar. Lakin tədqiqatlarımız göstərmişdir ki, bir çox adamlar həddən ziyadə bu qorxuların təsiri altına düşürlər. Biz çox vaxt xoş və faydalı işlə məşğul olmaqdansa, baş verəcək hadisələrdən lüzumsuz narahatlıq keçiririk. Alim demişdir ki, bu qorxularla mübarizə aparmaq mümkündür və lazımdır. Psixoterapiya və autotretinq belə xoşagəlməz vəziyyətdən qurtulmağa kömək edir.