Hərbi ekspert: Azərbaycan ötən illər ərzində müdafiə sənayesini xeyli gücləndirib – ŞƏRH
Bakı, 7 mart, AZƏRTAC
Ordunun inkişafı və döyüş hazırlığı müdafiə sənayesinin inkişafı ilə birbaşa əlaqəlidir. Azərbaycan ötən illər ərzində öz müdafiə sənayesini gücləndirib. Yeni silahların və texnikaların istehsalı, dünyanın müxtəlif ölkələrində keçirilən silah sərgilərində iştirak irəliyə doğru atılmış böyük addımlardır.
Bu barədə AZƏRTAC-a açıqlamasında hərbi ekspert, jurnalist İbrahim Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyanın otuzdan çox dövləti ilə iki və daha çoxtərəfli hərbi əlaqələr qurub. Bu əməkdaşlığın əsasında Azərbaycanın Ordusunun döyüş hazırlığının artırılması, kadr potensialının gücləndirilməsi, öz cəbhəxanasını təkmilləşdirməsi xüsusilə vurğulanmalıdır.
Azərbaycanın müdafiə sənayesinin formalaşması və inkişafı ilə bağlı danışan hərbi ekspert qeyd edib ki, silah onu peşəkarcasına idarə edə biləcək kadrlarsız heç nəyə yaramır. Ona görə də Azərbaycan bu istiqamətdə kadr potensialını kifayət qədər gücləndirib. Xüsusilə Türkiyə ilə hərbi sahədəki əlaqələr, imzalanmış ikitərəfli müqavilələr Azərbaycan Ordusunun güclənməsində böyük əhəmiyyət daşıyır. Son 100 il ərzində qardaş Türkiyə müstəqil dövlət olaraq öz hərbi sənayesini o qədər gücləndirib ki, artıq ən yüksək səviyyəyə çatıb. Son illər istehsal olunan pilotsuz uçuş aparatları, hava texnikaları, yeni təyyarələr və s. istehsalı xüsusilə önəmlidir. Bu həm də ona görə çox əhəmiyyətlidir ki, insan itkilərinin qarşısını alır və düşməni uzaqdan görməyə, təmassız məhv etməyə imkan yaradır.

“Türkiyə ilə qarşılıqlı əlaqələrin nəticəsidir ki, bu günlərdə də yeni sənaye obyektlərinin açılışı ilə bağlı tədbirlər keçirildi. Yeni müqavilələr isə yeni uğurlar vəd edir. Türkiyə ordusunun və dövlətinin hərbi sənaye sahəsində qazandığı uğurlar Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Çünki biz bu uğurları və əhəmiyyətli texnikaları ölkəmizdə tətbiq etməklə qardaş dövlət olaraq yeni silahlarla təmin edilmiş oluruq. Bunun nəticəsini də biz hələ 44 günlük Vətən müharibəsi zamanı gördük. Müasir dövr çağdaş tələblər çərçivəsində yaşamağı tələb edir. Azərbaycan Ordusunun hərb sənayesinin bu istiqamətdə inkişafı da gələcəyimiz üçün böyük uğurlar vəd edir. Sülh istəyirsənsə, müharibəyə hazır ol, müharibə istəmirsənsə, döyüşə hazır ol və ordunu gücləndir”, - deyə İbrahim Rüstəmov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti bu il Qətərdə “DİMDEX-2024” Dəniz Müdafiəsi üzrə Beynəlxalq sərgi və konfransında, Səudiyyə Ərəbistanı Krallığında “World Defence Show-2024”, Birləşmiş Ərəb Əmirliklərində “UMEX-2024” və digər beynəlxalq müdafiə sərgilərində uğurla iştirak edib.
Müdafiə sənayesi şirkətlərinə məxsus ən son hərbi texnologiya, avadanlıq və sistemlərin təqdim edildiyi sərgilərdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi və nazirliyin milli pavilyonla iştirak etdiyi stendlərdə ölkəmizin istehsalı olan müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib.

Ötən il noyabrın 22-dən 25-dək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində “SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi keçirilib. Sərginin müdafiə sənayesi guşəsində nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla 88 adda müdafiə təyinatlı məmulat təqdim edilib. Əvvəlki sərgilərdən fərqli olaraq bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim olunub. MSN-in nümayiş etdirdiyi bu və digər məhsullar sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, 2024-cü il sentyabrın 24-26-da Azərbaycanda 5-ci dəfə “ADEX 2024” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.