Hərbi hissədə xidmət edən xanımlara bayram təbriki ünvanlanıb






Bakı, 8 mart, AZƏRTAC
Qadın həyatdır, qadın gözəllikdir, qadın sevgidir, qadın anadır. Qadın yer üzündə yaranmışlar içərisində ən müqəddəsi varlıqdır. Gözəllik, sədaqət və ismət rəmzi olan Azərbaycan qadınları mənəvi dəyərlərimizin, milli adət-ənənələrimizin qorunub saxlanılması, gələcək nəslə ötürülməsi ilə yanaşı, ordu quruculuğunda da fəal iştirak edirlər. Qadın hərbi qulluqçular kişilərlə çiyin-çiyinə ölkəmizin sərhədlərinin qorunmasında iştirak edir, öz xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.
AZƏRTAC xəbər verir ki, işğaldan azad edilmiş bölgədəki hərbi hissədə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbirində bu barədə bəhs olunub.
Tədbirdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Müdafiə Nazirliyi və komandanlığı adından Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirən hərbçi xanımlara təbriklər çatdırılıb, onlara hədiyyələr təqdim olunub. Zərif cinsin nümayəndələrinin ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyünün bərpa edilməsində də yaxından iştirak etdiyi qeyd edilib.
Hərbi hissənin qadın qulluqçularının şərəfinə hazırlanan tort kəsilib, onlara bayram hədiyyələri və çiçək dəstələri təqdim olunub.
Tədbirdə iştirak edən kiçik çavuş Püstə İbrahimova AZƏRTAC-ın müxbirinə deyib: “Mən 2019-cu ildən hərbi xidmətdəyəm. 2020-ci il Vətən müharibəsinin ilk günündən son gününədək Talış kəndi və Suqovuşanın işğalçılardan azad edilməsində rabitəçi kimi fəaliyyət göstərmişəm. Hazırda operator fəaliyyətimi davam etdirirəm. Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid və qazi analarını, bacılarını, onların həyat yoldaşlarını təbrik edirəm, çünki bizi doğma yurdumuza, torpaqlarımızı azadlığa qovuşduran onlardır. Xalqımıza mərd və cəsur oğullar bəxş edən analara eşq olsun!”.