İQTİSADİYYAT
Hesablama Palatasının sədri Bakı Mühəndislik Universitetinin tələbələri ilə görüşüb
![Hesablama Palatasının sədri Bakı Mühəndislik Universitetinin tələbələri ilə görüşüb](/files/2023/1/1200x630/16772514164050019454_1200x630.jpg)
Bakı, 24 fevral, AZƏRTAC
Ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Hesablama Palatasında təcrübə keçmək istəyi olan tələbələrlə görüş keçirib. Görüşdə Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov, həmçinin Universitetin və Palatanın nümayəndələri iştirak ediblər.
Palatadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən görüşün əhəmiyyətindən, gənclərin peşəkar karyera yolunda dövlət qulluğunda çalışmaq şansı qazanmalarından danışıblar.
Daha sonra Hesablama Palatasının əməkdaşları təmsil etdikləri qurumun fəaliyyəti ilə bağlı geniş təqdimatlarla çıxış ediblər. Sonda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, elmi-praktik əlaqələri inkişaf etdirmək, ixtisaslı kadr hazırlığını təmin etmək, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəni bölüşmək məqsədilə keçirilən təlimlərə, həmçinin BMU müəllimləri və Gürcüstan Dövlət Audit İnstitutunun nümayəndələri tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur. Kadr hazırlığının təmin edilməsi məqsədilə dövlət orqanının əməkdaşları tərəfindən bilavasitə ali təhsil müəssisəsində praktik təlimlər keçməklə “Dövlət sektorunda audit”in öyrənilməsi çərçivəsində yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi, həmçinin Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunmaları planlaşdırılır.