HƏSƏN BƏY ZƏRDABİNİN 170 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS
Həsən bəy Zərdabi adına Dünya Azəbaycanlıları Xeyriyyə Cəmiyyəti və Kürdəmir Rayon İcra Hakimiyyətinin bu birgə tədbirində respublikanın tanınmış ziyalıları, mədəniyyət xadimləri, habelə rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İştirakçılar əvvəlcə Heydər Əliyev adına mərkəzi parkda ümummilli liderimizin abidəsi önünə əklil və çiçəklər qoymuş, muzeyinə baxmışlar. Şəhidlər xiyabanı, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olanların xatirə kompleksi ziyarət edilmişdir. Nümayəndələr Kürdəmir rayon diyarşünaslıq muzeyində qədim və orta əsrlərə aid zəngin eksponatlarla da tanış olmuşlar.
Rayon mədəniyyət evində keçirilən elmi konfransı rayon icra hakimiyyəti başçısının müavini Əbülfət Mikayılov açmışdır. Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti, Terrora Qarşı Beynəlxalq İdeoloji mərkəzin sədri, “Güzgü” qəzetinin baş redaktoru Səttar Zərdabi konfransın məqsəd və məramını açıqlamışdır.
Cəmiyyətin idarə heyətinin sədri Eşqin Şadlinskinin məruzəsi dinlənilmişdir. Nizami muzeyi Aran filialının müdiri Yaqut Bahadurqızı, “Say” qəzetinin baş redaktoru, Zərdabinin tədqiqatçılarından olan Hacı Rafiq Əliyev, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, adıçəkilən cəmiyyətin vitse-prezidenti, “Güzgü” qəzetinin redaktoru Şahid Zərdabi konfransda çıxış etmişlər.
Məruzə və çıxışlarda müsəlman şərqində xeyriyyəçilik hərəkatının, milli teatrımızın və milli mətbuatımızın banisi, müsəlman dünyasının ilk təbiətşünas seleksiyaçı alimi H.B.Zərdabinin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən, elmi-ədəbi yaradıcılığının məziyyətlərindən danışılmış, “Əkinçi” ilə mədəniyyət tariximizə verdiyi müstəsna xidmətlərdən söz açılmışdır.
Sonda aşıq Əhliman Şirvanlının və müğənni Səfalət Səmədoğlu maraqlı konsert proqramı ilə çıxış etmişlər.