HƏYAT HADİSƏLƏRİNƏ SƏMİMİ MÜNASİBƏT
YAZIÇI-PUBLİSİST RÜSTƏM RÜSTƏMOVUN YENİ KİTABIOXUCUDA BU TƏƏSSÜRATI OYADIR
Kitabın redaktoru, əməkdar incəsənət xadimi Əfqanın sözlərinə görə, bu əsərlər “yazıçının həyat hadisələrinə səmimi münasibətidir. O yaxşını da, yamanı da bədii obraz səviyyəsinə qaldırmağı bacarır. Güclü və düşündürücü yumor oxucuya doğru nəticə çıxarmaqda kömək edir”.
Rüstəm Rüstəmovun yaradıcılığını izləyənlər kitabda toplanmış novellaların bir çoxu ilə dövri mətbuatdan tanışdırlar. Lakin Rüstəmin komediya janrında qələmini sınaması hamı - həm onunla birlikdə vaxtilə BDU-nun jurnalistikası fakültəsində təhsil alanlar, həm “Sovet kəndi” qəzetində, həm də hazırda “Azərbaycan” qəzetində işləyənlər üçün gözlənilməzdir. Kitaba müəllifin “Məşədi İbadın “Mersedes”i” (1991), “Alın yazısı” (1993) və “Küləklər Partiyası” (1995) komediyaları daxil edilmişdir.
Güman edirik ki, “Təcili operasiya”, “Ay səni, xalaoğlu”, “İstefa”, “Tövbə”, “Yaşasın polis” və onlarla digər məzəli hekayə oxucuları maraqlandıracaq, onlar həmçinin Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasının finalından sonra “baş verənlər” barədə “Məşədi İbadın “Mersedes”i” komediyasından xəbər tutacaq, müasir Məşədi İbadın, reket Əsgərin və başqalarının başına gələnlərlə maraqla tanış olacaqlar.