“Heydərbaba zirvəsi: Şəhriyar” – BDU-da ədəbi-bədii gecə
Bakı, 8 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Filologiya fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın 120 illik yubileyinə həsr olunmuş “Heydərbaba zirvəsi: Şəhriyar” adlı ədəbi-bədii tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çıxışında bildirib ki, Azərbaycan ədəbiyyatı tarixində mühüm iz qoymuş sənətkarların yubileylərinin qeyd olunması gənc nəslin milli-mənəvi dəyərlərə bağlı yetişməsində mühüm rol oynayır. O vurğulayıb ki, Məhəmmədhüseyn Şəhriyar yaradıcılığı Azərbaycan poeziyasının ən qiymətli nümunələrindən biridir və onun əsərləri bu gün də aktuallığını qoruyur. Dekan müavini şairin həyat yolu, yaradıcılığı və Azərbaycan ədəbiyyatındakı xüsusi yeri haqqında məlumat verib.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Almaz Əliqızı çıxışında Şəhriyarın zəngin ədəbi irsindən geniş bəhs edib. O qeyd edib ki, şairin yaradıcılığında Vətən sevgisi, milli kimlik, insan duyğuları və mənəvi dəyərlər yüksək poetik ustalıqla əks olunub. Professor ”Heydərbabaya salam” poemasını təhlil edərək əsərin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb. Həmçinin “Behcətabad” şeirinin yaranma tarixçəsindən danışıb, əsərin yazıldığı dövr və şairin keçirdiyi duyğular barədə iştirakçılara məlumat verib.
Tədbirin bədii hissəsində fakültənin tələbələri şairin şeirlərini səsləndiriblər.