Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir
Bakı, 12 aprel, AZƏRTAC
Müasir müstəqil dövlətimizin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Ulu Öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə aprelin 12-də nazirliyin təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilir.
Tədbirdə ədliyyə nazirinin müavini Vilayət Zahirov və nazirliyin məsul işçiləri, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və deputatlar, Azərbaycan bələdiyyələrinin milli assosiasiyaları, bələdiyyə sədrləri, ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyəti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, media nümayəndələri iştirak edirlər.
Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açan ədliyyə nazirinin müavini Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən bəhs edərək ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərini, müstəqilliyimizin möhkəmləndirilməsində xilaskarlıq missiyasını vurğulayıb. Bildirib ki, demokratik hüquqi dövlətin möhkəm təməlini qoyan Ulu Öndər Heydər Əliyev azad cəmiyyətin əsasını təşkil edən yerli özünüidarəetmənin banisidir. Azərbaycan üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması prosesi məhz Ümummilli Liderin müəllifi olduğu Konstitusiyamızda bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsis edilməsi ilə başlanıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.