“Heydər Əliyev dühasına iqtisadçı baxışı” kitabı çap olunub
Bakı, 31 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin “Heydər Əliyev dühasına iqtisadçı baxışı” kitabı çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrin elmi redaktoru iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevdir. İnstitutun Elmi şurasının qərarı ilə nəşr edilən kitab “Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına əsasən tərtib edilib.
Ümummilli Liderin 100 illik yubileyinə həsr edilən bu kitabda dünya liderlərinin Heydər Əliyev haqqında fikirləri, Ulu Öndərin 200 müdrik kəlamı, onun iqtisadçılara verdiyi qiymət, Heydər Əliyev Fondu və Mərkəzi haqqında qısa məlumat əksini tapıb. Həmçinin Tərbiz Əliyevin Ulu Öndərin fəaliyyətinə həsr etdiyi məqalələri, respublika və beynəlxalq səviyyəli konfranslardakı çıxışları, KİV-də verdiyi müsahibələr yer alıb. Həmin tədqiqatların məntiqi məzmunundan irəli gələn - Heydər Əliyevin ölkə sənayesinin innovativ inkişafı, iqtisadçı - mühəndis kadrların hazırlanması, neft strategiyasının formalaşdırılması, onun həyata keçirilməsinin sosial - iqtisadi nəticələri, biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı modelinin tətbiqi və inkişafı əsasında son 20 ildə makro və mikro idarəetmə səviyyələrində qazanılan nailiyyətlər haqqında reallıqlar və faktlar geniş təhlil edilib.
Kitab Heydər Əliyev irsini öyrənib təbliğ edən ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafı aspektlərinin tədqiqi ilə məşğul olan mütəxəssislər, elmi işçilər, doktorantlar və bütünlükdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.