“Heydər Əliyev İli” çərçivəsində Kardiologiya İnstitutunun təşkilatçılığı ilə maarifləndirici tibbi aksiya keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə paytaxtın “Dəniz Mall” ticarət mərkəzində maarifləndirici tibbi aksiya keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, ticarət mərkəzində təşkil olunan aksiyada iştirak edən Tərtər rayonundan olan şəhid anaları əvvəlcə Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçiblər.
Kardiologiya sahəsində aparıcı mütəxəssislər tərəfindən Ramazan ayında oruc tutan şəxslərə dərmanları hansı qaydada qəbul etməyi, imsak və iftar vaxtında tərkibində maye olan qidalara üstünlük verilməsi haqqında ətraflı məlumat verilib.
Aksiya çərçivəsində portativ aparatlar vasitəsilə vətəndaşların qan təzyiqi, qanda oksigen və şəkər miqdarı ölçülüb. Eyni zamanda, mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəliklərin yaranma səbəbləri barədə məlumat verilib.