Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Vətən müharibəsində xalqımızın şanlı qələbəsini şərtləndirdi
Gəncə, 15 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinə həsr olunan tədbir keçirilib.
GDU-dan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, universitetin Heydər Əliyev Məktəbində təşkil edilən tədbirdə rektorun baş müşaviri Asif Cavadov çıxış edərək, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə bağlı ali təhsil ocağında təsdiq edilən tədbirlər planı haqqında danışıb.
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən söz açıb.
Universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışlarında Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, Azərbaycanın inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi və demokratik dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Sosial Fənlər kafedrasının müdiri Cavid Bağırzadə çıxışında qeyd edib ki, 1994-cü ilin may ayında Qarabağda atəşkəsi nəzərdə tutan protokolun imzalanması Azərbaycan üçün mühüm tarixi hadisə oldu, atəşkəsdən sonra Qarabağda hərbi əməliyyatlar dayandı. Qəbul edilən qərarlar Azərbaycanın gələcək inkişafının qarantı oldu. Atəşkəsdən bir neçə ay sonra imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın XXI əsrdə ən əhəmiyyətli ölkələrdən birinə çevrilməsi ilə nəticələndi. Bu siyasət Vətən müharibəsində xalqımızın şanlı Qələbəsini şərtləndirdi. Məhz dahi rəhbərin siyasətinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi Qarabağ torpaqlarının azad olunması ilə nəticələndi. İndi azad olunmuş torpaqlarda Novruz tonqalları qalanır.
Tədbirin davamında mövzu ətrafında müzakirələr aparılıb.