Hindistan plastik cərrahiyyənin qlobal mərkəzinə çevrilir
Stokholm, 23 iyun, AZƏRTAC
Son illərdə Hindistan estetik tibb və plastik cərrahiyyə sahəsində ən populyar istiqamətlərdən birinə çevrilib.
AZƏRTAC İsveçin “Dagens Nyheter” nəşrinə istinadla xəbər verir ki, Estetik Plastik Cərrahiyyə üzrə Beynəlxalq Cəmiyyətin (ISAPS) məlumatlarına əsasən, ölkə kosmetik prosedurlar və əməliyyatlar üçün gələn xarici pasiyentlərin sayına görə dünya üzrə ilk onluqda yer alır.
Hindistanın cəlbediciliyi xidmətlərin nisbətən aşağı qiyməti, tibbi yardımın yüksək səviyyəsi, beynəlxalq təcrübəyə malik ingilisdilli mütəxəssislərin mövcudluğu və tibbi turizm üçün inkişaf etmiş infrastrukturla izah olunur. Hazırda ölkədə gözəllik sənayesinin gəlir həcmi 4 milyard dollardan çox qiymətləndirilir və yaxın illərdə bu göstəricinin bir neçə dəfə artacağı gözlənilir.
Hindistan klinikalarının pasiyentləri əsasən ABŞ, Avropa, Afrika və Yaxın Şərq ölkələrinin sakinləridir. Onlar əsasən cərrahi müdaxilələrə, həm də botoks, lazer terapiyası və filler inyeksiyaları kimi qeyri-cərrahi prosedurlara xüsusi maraq göstərirlər.
Plastik cərrah Şilpi Bhadaninin sözlərinə görə, tələbatın artmasında sosial şəbəkələr mühüm rol oynayır. Bununla yanaşı, həkim qeyd edir ki, insanların özlərini başqaları ilə daim müqayisə etməsi xarici görünüşdə mükəmməlliyə can atmanı gücləndirir və kosmetik prosedurlara müraciətlərin sayının artmasına səbəb olur.
Bununla belə, mütəxəssislər ideal görünüşə can atmağın mənfi tərəfləri barədə də xəbərdarlıq edirlər. Həkimlərin müşahidələrinə görə, son vaxtlar insanın öz xarici görünüşündəki qüsurlara həddindən artıq aludə olması ilə xarakterizə olunan psixoloji pozuntu – dismorfofobiya halları daha tez-tez qeydə alınır. Buna görə də məsuliyyətli klinikalar pasiyentlərin yalnız fiziki vəziyyətini deyil, həm də onların bu və ya digər prosedurlara psixoloji hazırlığını qiymətləndirməyə çalışırlar.
Estetik tibbin populyarlığının artmasına baxmayaraq, bir çox pasiyent vurğulayır ki, onlar ideal görünüşə nail olmaq üçün deyil, özlərini daha rahat və inamlı hiss etmək məqsədilə cərrahlara müraciət edirlər. Mütəxəssislərin fikrincə, məhz bu amil Hindistanda sürətlə inkişaf edən gözəllik bazarının əsas hərəkətverici qüvvəsi olaraq qalır.