Hindistanda ilk dəfə koronavirusa 115 mindən çox sutkalıq yoluxma qeydə alınıb
Bakı, 7 aprel, AZƏRTAC
Hindistanda sutka ərzində koronavirusa yoluxma hallarında növbəti sıçrayış qeydə alınıb - 115 min 269 nəfər.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, Hindistanda yoluxanların ümumi sayı 12 milyon 801 min 785 nəfərə çatıb.
Aprelin 6-da yoluxmaların sutkalıq artımı ölkədə pandemiya dövrünün rekordunu müəyyən edib. Bundan öncəki rekord isə aprelin 5-də qeydə alınmışdı - 103 min 558.
Həmçinin ötən sutka ərzində Hindistanda 631 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib və ölənlərin ümumi sayı 166 min 208 nəfərə çatıb. Müalicəsi davam edənlərin sayı da bu il ilk dəfə 800 min nəfəri keçərək 843 min 442 nəfər təşkil edib.
Ölkənin Səhiyyə naziri Harş Vardhan növbəti dörd həftənin infeksiya ilə mübarizədə çox vacib dövr olduğunu deyib və ölkə əhalisini qoruyucu maska taxmaq və sosial məsafəni gözləmək kimi tədbirlərə laqeyd yanaşmamağa çağırıb.
Hindistan Səhiyyə Nazirliyinin məlumatına əsasən, son 24 saatda 3 milyon 337 min 601 hindistanlı koronavirus əleyhinə peyvənd edilib. Yanvarın 16-da başlayan vaksinasiya kampaniyası ərzində isə peyvənd olunan ölkə vətəndaşlarının sayı 87 milyon 77 min 474 nəfərə çatıb.
Qeyd edək ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, hazırda dünyada 133 milyon 92 mindən çox yoluxma və 2 milyon 888 mindən çox ölüm faktı qeydə alınıb, 107 milyon 342 min nəfər COVID-19 xəstəliyindən sağalıb.