Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Nizami Kino Mərkəzində “Global Media Group” və “Report” İnformasiya Agentliyi Vətən müharibəsi və antiterror tədbirlərinin növbəti ildönümü ərəfəsində "Vətən daşı" sənədli filmini tamaşaçılara təqdim edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Filmdə antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanov və onun ailəsinin həyat hekayəsindən bəhs edilir.
Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra məcburi köçkün taleyi ilə üz-üzə qalmış Şadmanovlar ailəsi məhrumiyyətlərə baxmayaraq, doğma yurdlarına qayıtmaq ümidlərini itirmir. Torpaqlarımızı düşməndən azad etmək amalı ilə ailədə iki peşəkar hərbçi böyüyür.
44 günlük Vətən müharibəsi, həmçinin antiterror tədbirləri zamanı Şadmanov qardaşları qəhrəmancasına döyüşərək, bir sıra rayon və kəndlərimizin azad olunmasında fəal iştirak edir, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Lakin 2023-cü il sentyabrın 24-də düşməndən azad edilmiş mövqelərə baş çəkməyə gedərkən qardaşlardan biri - polkovnik-leytenant Əkrəm Şadmanov mina partlayışı nəticəsində şəhid olur.
“Vətən daşı” filmində Əkrəm Şadmanov və ailəsinin həyat hekayəsi üzərindən Azərbaycan xalqının yazdığı qəhrəmanlıq salnaməsi ilə yanaşı, Vətən eşqi və Qələbə sevinci, doğma torpaqları qurub yaratmaq əzmi öz əksini tapıb.
Filmin ideya və ssenari müəllifi Namiq Mayılov, quruluşçu rejissoru Niyam Şirinov, quruluşçu operator və montaj rejissoru Səbuhi Sadiq, baş prodüseri Fuad Hüseynəliyevdir.
Filmin təqdimatından sonra çıxış edən “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib ki, “Vətən daşı” sənədli filmi Vətən müharibəsi və antiterror tədbirlərində qəhrəmanlıq göstərən Azərbaycan hərbçilərinin xatirəsinə ehtiramın ifadəsidir. O qeyd edib ki, ekran əsəri şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yolu vasitəsilə Vətənə sədaqət, fədakarlıq və qəhrəmanlıq kimi dəyərləri tamaşaçıya çatdırır.
Filmin ideya və ssenari müəllifi Namiq Mayılov çıxışında ekran əsərinin ərsəyə gəlmə prosesindən danışıb. O deyib ki, film Kəlbəcərdə lentə alınıb və əsas məqsəd şəhid Əkrəm Şadmanovun ailəsinin timsalında Vətən uğrunda canından keçən qəhrəmanların həyat hekayəsini gələcək nəsillərə çatdırmaqdır.
Şəhid Əkrəm Şadmanovun atası Yunis Şadmanov isə çıxışında oğlunun və bütün şəhidlərin əziz xatirəsinin daim yaşayacağını vurğulayıb. O, filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib və bu cür ekran əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.