Honkonqda 10 min dövlət qulluqçusu ixtisar edilir
Bakı, 26 fevral, AZƏRTAC
Honkonq şəhərin artan 12,9 milyard dollarlıq büdcə kəsirinin qarşısını almaq üçün 10,000 dövlət qulluqçusunu ixtisar etməyə hazırlaşır. Qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi gərginlik və zəif daşınmaz əmlak bazarının yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün hakimiyyət orqanları da süni intellektin genişmiqyaslı tətbiqini planlaşdırır.
AZƏRTAC xəbər verir ki, şəhərin maliyyə katibi Pol Çanın sözlərinə görə, 2027-ci ilin aprelinə qədər 10 min dövlət qulluqçusu ixtisar olunacaq ki, bu da növbəti iki ilin hər birində dövlət qulluğunda 2 faiz azalma deməkdir. Dövlət sektorunda maaşlar da bu il “dondurulacaq”.
“Reuters” agentliyi yazır: “Çan deyib ki, “gücləndirilmiş” maliyyə konsolidasiyası proqramı indiki vaxtdan 31 mart 2028-ci maliyyə ilinin sonuna qədər hökumət xərclərinin 7 faiz məcmu azalmasına səbəb olacaq”.
Çinin süni intellekt və digər yüksək texnoloji sektorlarda, o cümlədən robototexnika sahələrində özünü təmin etməsinin inkişafı tendensiyasına uyğun olaraq, Çan Honkonqun “süni intellekt sənayesinin inkişafını sürətləndirmək üçün beynəlxalq platforma kimi öz gücündən istifadə edəcəyini” deyib. Honkonq süni intellekt üzrə tədqiqat və inkişaf institutuna 130 milyon dollar ayırıb.
Honkonqun kiçik və açıq iqtisadiyyatı da xarici amillərə, o cümlədən Çində iqtisadi artımın yavaşlaması və Çin ilə ABŞ arasında ticarət, texnologiya və geosiyasətlə bağlı gərginliklərə qarşı həssasdır. Bu ilin əvvəlində ABŞ Çindən, eləcə də Honkonqdan gələn mallara 10 faizlik əlavə rüsumlar tətbiq edib.
Honkonqun maliyyəsi son üç il ərzində evlərin qiymətlərinin təxminən 30 faiz ucuzlaşması, inşaatçıların torpaqdan istifadəyə görə ödədiyi torpaq haqlarından gələn gəlirlərin azalması nəticəsində iflasa uğrayıb. Torpaq alqı-satqısı ənənəvi olaraq dövlətin əsas gəlir mənbəyi olub və xəzinəyə 20 faizdən çox gəlir gətirirdisə, indi bu rəqəm təxminən 5 faizə düşüb.