DÜNYA
Honq-Konqda son 140 ilin ən güclü leysan yağışı daşqınlara səbəb olub
Bakı, 8 sentyabr, AZƏRTAC
Son saatlarda Honq-Konqda son 140 ilin ən güclü leysan yağışı güclü daşqınlara və ziyana səbəb olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Honq-Konq administrasiyasının başçısı Con Li özünün feysbuk səhifəsində bildirib: “Honq-Konqun bir neçə zərərçəkmiş rayonlarında ciddi daşqınlardan çox narahatam”.
Təbii fəlakət nəticəsində yüzdən çox insan zərər çəkib, bir nəfər həlak olub.
Yağışlar cümə axşamı günü axşam saatlarında başlayıb. Cümə gününə keçən gecə Honq-Konq Meteoroloji Rəsədxanası 1884-cü ildən bəri müşahidələr tarixində ən güclü leysan yağışına görə ən yüksək - qara fırtına xəbərdarlığı elan edib. Bu təhlükə səviyyəsi 2021-ci ilin oktyabr ayından bəri ilk dəfə tətbiq edilib. Meteoroloqların məlumatına görə, yerli vaxtla saat 23:00-dan 24:00-dək şəhərdə 158,1 mm yağıntı yağıb ki, bu da 139 illik müntəzəm meteoroloji müşahidələrin ən yüksək göstəricisidir. Bir gündən az müddətdə təxminən 600 mm yağıntı olub ki, bu da illik normanın dörddəbirini təşkil edir.
Cümə günü səhər dayanmayan fırtına, həmçinin Hıng Yuen Vay və Man Kam To sərhəd keçid məntəqələrinin, habelə yerli miqrasiya ofislərinin, bütün dövlət tibb mərkəzlərinin və poçt şöbələrinin bağlanmasına səbəb olub.
Sosial şəbəkələrdə şəhərin hər yerində daşqına məruz qalan çoxsaylı insanlar və nəqliyyat vasitələri ilə maliyyə mərkəzindəki küçələrdə sel səhnələri və su basmış metro stansiyasını göstərən çoxsaylı videoçarxlar yayılıb.
“HKEX” Honq-Konq Fond Birjasının operatoru cümə günü şəhərdəki daşqın səbəbindən işin dayandırıldığını, bunun sonuncu dəfə sentyabrın 1-də "Saola" Super Qasırğasının bölgəyə çatdığı zaman baş verdiyini açıqlayıb.
Honq-Konq Meteoroloji Rəsədxanasının məlumatına görə, ən güclü leysan yağışları "Haykuy" qasırğasının yaratdığı aşağı təzyiq bölgəsindən qaynaqlanır. Fırtına xəbərdarlığının qara səviyyəsi şəhərdə 16 saat 35 dəqiqə davam edib ki, bu da bütün müşahidələr tarixində rekord göstəricidir.
Daşqınlar iki həftədə Honq-Konqa hücum edən və həm Cənubi Çin, həm də Tayvana ciddi ziyan vuran “Saola” və “Haykuy” qasırğaları nəticəsində baş verib.