“Horizon Avropa” proqramı üzrə layihə təkliflərinin yazılmasına dair təlim
Bakı, 31 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Horizon Avropa” proqramı çərçivəsində təqdim olunan layihələrin istiqamətləri və açıq çağırışlar üzrə maarifləndirici seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, təlimdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva ölkəmizin elmi potensialının dünyada tanıdılmasına şərait yaradan “Horizon Avropa” proqramı kimi nüfuzlu layihələrdə alimlərimizi yaxından iştirak etməyə dəvət edib, maliyyələşdirmə imkanları, partnyorlarla əlaqələrin qurulması, tədbirlərdə və konfranslarda iştirak, elmi-tədqiqat qrant layihələrinə müraciət, mövcud imkanlar barədə məlumat verib. O, həmçinin Mariya Skladovska Küri (MSCA), COST və Tibb üzrə işçi proqramları, iştirakçılardan gözləntilər, Azərbaycan üçün təqdim olunan imkanlar haqqında ətraflı bəhs edib.
İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “Horizon Avropa” proqramının 2023-2027-ci illər üçün iş proqramı, çağırışların müəyyənləşdirilməsi, layihə təkliflərinin yazılma qaydası, qiymətləndirmə meyarları barədə məlumatları diqqətə çatdırıb.
Sonda ekspertlər institut əməkdaşlarının suallarını cavablandırıblar.