“HPV - Peyvənd və Müayinələri” mövzusunda vebinar keçirilib
Bakı, 25 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə vebinar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “MoreThanDoc” klubu tərəfindən təşkil olunan tədbir “HPV - Peyvənd və Müayinələri” mövzusuna həsr olunub.
150-dən çox iştirakçının qatıldığı vebinarda Hacettepe Universiteti Tibb Fakültəsinin təmsilçisi, Avropa Ginekoloji Onkologiya Dərnəyi İdarə Heyətinin üzvü Murat Gültekin çıxış edib. Vebinarda HPV - insan papilloma virusunun növləri, yayılması, ötürülmə yolları, müayinəsi və ondan qorunma üsullarının müasir metodları haqqında ətraflı məlumat verilib.
Toplantıda Azərbaycan, Türkiyə, İran, Kipr və Yunanıstandan tibb tələbələri, tibb bacıları və həkimlər iştirak ediblər.