HÜSEYİN CAVİDİN ANADAN OLMASININ 124-CÜ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Tədbiri AMEA Nizami adına Ədəbiyyat institutu direktorunun müavini, filologiya elmləri doktoru Teymur Kərimli açaraq böyük sənətkarın həyat və yaradıcılığının ayrı-ayrı məqamlarından, Azərbaycan ədəbiyyatı və dramaturgiyasındakı xidmətlərindən danışmışdır.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, şairin qohumu, Bakı metropoliteninin rəisi Tağı Əhmədov və başqaları Hüseyn Cavidin kəşməkəşli həyatının ayrı-ayrı səhifələrini vərəqləmiş, ona layiq olduğu qiyməti ümummilli liderimiz Heydər Əliyevin verdiyini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, indi ölkəmizdə onun adını yaşadan küçələr, məktəblər, neçə-neçə mədəniyyət obyektləri vardır. Şairin ev-muzeyinin yaradılması da ulu öndərimizin xidməti kimi vurğulanmışdır.
Aktyorlar və məktəblilər sənətkarın şeirlərindən parçalar söyləmişlər.
Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı tədbir iştirakçılarına minnətdarlığını bildirmiş və onları muzeyə dəvət etmişdir.
Sonra tədbir sənətkarın ev-muzeyində davam etdirilmişdir. G.Babaxanlı Hüseyn Cavid irsinin öyrənilməsi, tədqiqi, əsərlərinin nəşri ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Vurğulanmışdır ki, muzeyin internet saytında yaradılmış virtual muzeyə ötən 7 ayda 70 ölkədən 8 min müraciət olmuşdur.