Hüseyn Cavidin ev-muzeyi 31 mart soyqırımı haqqında foto-videoslaydlar hazırlayıb
Bakı, 31 mart, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün 103-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı vurğulayıb ki, Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı aktı 1918-ci il martın 31-də Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Uzun illər sovet dövləti “xalqlar dostluğu” ideologiyasını təbliğ etdiyi üçün bu hadisəni ört-basdır etməyə çalışıb, yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq 1918-ci ilin qırğınlarına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.
Muzeyin direktoru qeyd edib ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi bu faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan biri də görkəmli şair və dramaturq Hüseyn Cavid olub. Qaniçən cəlladlar hadisələr baş verdiyi zaman “Təbriz” mehmanxanasında yaşayan H.Cavidi və onunla bərabər digər sakinləri silah gücünə oradan çıxarıb və yolboyu əksəriyyətini güllələyiblər. H.Cavid isə yalnız bir təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilib.
Sonra muzeyin 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr etdiyi foto-videoslaydlar nümayiş etdirilib. İştirakçılar böyük şairin əsərlərindən parçalar səsləndirib, kitab sərgisi ilə tanış olublar.