ICESCO-nun Baş direktoru: Qarabağdakı tarixi abidələrin dağıdılması bizi narahat edir
Qahirə, 3 noyabr, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl Malik Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovla görüşüb.
AZƏRTAC xəbər verir ki, təşkilatın baş ofisində keçirilən görüşdə Baş direktoru Ermənistanın işğalı altında olan və hazırda döyüşlərin davam etdiyi Azərbaycan torpaqlarında qədim abidələrin, o cümlədən məscidlərin dağıdılmasından narahatlığını ifadə edib. Vurğulayıb ki, ICESCO dağıdılmış abidələrin bərpası üçün ölkəmizə yardım edəcək, bu sahədə mütəxəssislər üçün təlim kursları təşkil olunacaq.
Azərbaycanlı diplomat Azərbaycan Ordusunun işğal altında olan əraziləri azad etməsi, cəbhədə baş verən son hadisələr haqqında Salim Əl Malikə ətraflı məlumat verib. O, ölkəmizin ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə ICESCO-nun Baş direktoruna təşəkkürünü bildirib. Əlavə edib ki, təşkilatın sentyabrın sonunda yaydığı bəyanatda beynəlxalq hüququn normalarına əməl edilməsinin, işğal altındakı ərazilərdə tarixi-mədəni abidələrin əsl sahibi olan Azərbaycanın suveren hüquqlarının bərpasının vacibliyi xüsusilə vurğulanıb.
Görüşdə Azərbaycanla ICESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri də müzakirə edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə