ICESCO-nun beynəlxalq konqresində təbii sərvətlər və davamlı inkişaf məsələləri müzakirə edilir
Bakı, 26 may, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) mənzil-qərargahında “Təbii Sərvətlər və Davamlı İnkişaf: Sağlamlıq, qida və kosmetikada tətbiqlər” mövzusunda III Beynəlxalq Konqres keçirilir. Tədbirin açılış mərasimində təşkilata üzv ölkələrin daimi nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov, İslam Dünyası Universitetləri Federasiyasının təmsilçiləri, alimlər, ekspertlər iştirak ediblər.
AZƏRTAC təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, konqresin açılış mərasimində çıxış edən ICESCO-nun baş direktoru Salim Əl-Malik XXI əsrdə bəşəriyyətin yeni çağırışlarla üzləşdiyini qeyd edib. O bildirib ki, aktual qlobal problemlərin həllində, o cümlədən İslam aləmində davamlı inkişafa nail olunmasında universitetlərin, tədqiqat mərkəzlərinin və laboratoriyaların böyük rolu var. Təbii sərvətlərlə zəngin olan müsəlman ölkələrində qida və kənd təsərrüfatı sahələrində dəqiq elmi tədqiqatlar vasitəsilə, habelə resursların qiymətləndirilməsi yolu ilə davamlı inkişaf məqsədlərinə nail olmaq mümkündür. Bunun üçün birgə səylər və vahid baxışlar tələb edilir.
Baş direktor əlavə edib ki, ICESCO elmi və texnoloji tədqiqatların nəticələrinin davamlı inkişafla əlaqələndirilməsinin vacibliyi ilə bağlı maarifləndirmə tədbirləri təşkil edir, innovativ həllərin formalaşdırılması üçün ətraf mühitə, süni intellektə, təhsilin gələcək modellərinə, kosmik elmin inkişafına xüsusi diqqət yetirir. Bütün bu fəaliyyət istiqamətləri müsəlman ölkələri üçün yeni perspektivlər açır.
Sonda Salim Əl-Malik rəhbərlik etdiyi təşkilatın davamlı inkişaf məqsədlərini hərtərəfli və gələcəyə hesablanmış şəkildə birləşdirmək və ortaya çıxan çağırışlarla mübarizə aparmaq üçün vasitələr hazırlamaq məqsədi daşıyan inkişaf konsepsiyasını qəbul etmək üzrə çağırışını təkrar edib.
Açılış mərasimindən sonra “Təbii bioaktiv məhsullar: identifikasiyadan müxtəlif sənayelərdə sektoral tətbiqlərə qədər” mövzusunda sessiya və “2020-ci ildən sonrakı Qlobal Biomüxtəliflik Çərçivəsi kontekstində Naqoya Protokolunun tətbiqini gücləndirmək imkanları” adlı dəyirmi masa keçirilib.