İçərişəhərdə “Əli və Nino” kitab evi açılmışdır
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən XVII əsr abidəsi - Məktəb-Məsciddə “Əli və Nino” kitab evi açılmışdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin müavini Samir Nuriyev bildirmişdir ki, 1646-cı ildə II Şah Abbasın yaxın adamı İmam Qulu tərəfindən tikilmiş Məktəb-Məscid yenicə bərpa edilmiş, günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilmiş və fasadı tarixi görkəminə qaytarılmışdır.
Samir Nuriyev demişdir ki, Qız qalası yaxınlığında yerləşən və əvvəlki dövrdə məktəb kimi fəaliyyət göstərərək tələbələrə orta dini təhsil verən Məktəb-Məscidin hansı istiqamət üzrə fəaliyyət göstərməsi müzakirə ediləndə qərara aldıq ki, bu məkan məhz kitabın təbliğ olunduğu bir yerə çevrilsin. Burada kitab evinin açılmasının əsas məqsədi abidəni öz ilkin təyinatına qaytarmaq və cəmiyyətdə mütaliə vərdişini təbliğ etməkdir.
“Əli və Nino” nəşriyyat evinin rəhbəri Nigar Köçərli qurumun fəaliyyəti ilə bağlı məlumat vermişdir. O bildirmişdir ki, bu kitab evi sayca dördüncüdür. Oxucular yeni açılmış kitab evində elmin bütün sahələrinə dair nəfis şəkildə çap edilmiş kitabları əldə edə biləcəklər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid, “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu, yazıçılar Əjdər Ol, Şərif Ağayar və digər çıxış edənlər bildirmişlər ki, İçərişəhərdə məhz bu adda kitab evinin açılması böyük hadisədir. Məşhur “Əli və Nino” romanındakı hadisələr də məhz İçərişəhərdə baş vermişdir. Ümid edirik ki, bu məkan kitabla yanaşı, həm də İçərişəhərin dəyərlərinin təbliğ olunduğu bir yer olacaqdır.
Kitab evinin açılışı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilmişdir.
######
![]() |
![]() |

