Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub VİDEO
Lənkəran, 9 sentyabr, AZƏRTAC
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Lənkəran şəhərinə yerli media nümayəndələrinin iştirakı ilə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mediaturun əsas məqsədi Lənkəranın turizm imkanlarının geniş təqdim olunmasıdır.
İştirakçılar tur çərçivəsində əvvəlcə Lənkəran şəhərində yerləşən Heydər Əliyev Parkında olublar. Burada media nümayəndələrinə park haqqında ətraflı məlumat verilib.
Daha sonra Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi ziyarət olunub. Burada muzeyin fəaliyyəti və zəngin ekspozisiyası barədə məlumat təqdim edilib.
Qeyd olunub ki, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi 1924-cü ildən fəaliyyət göstərir. 1991-ci ildən muzey Lənkəranın ilk çoxmərtəbəli binası hesab olunan Mir Əhməd xanın sarayında yerləşir. Muzeydə nümayiş etdirilən eksponatlar Lənkəranın zəngin tarixini, mədəniyyətini, eləcə də adət-ənənələrini əks etdirir.
Mediatur zamanı Lənkəranın Talışlı kəndində yerləşən bambuk plantasiyasına da baxış keçirilib.
Həyətyanı torpaq sahəsində mindən çox bambuk ağacı yetişdirən sahibkar Eynulla Calalov AZƏRTAC-ın bölgəyə ezam olunan müxbirinə bildirib ki, bambuk bir sıra xüsusiyyətlərinə görə digər bitkilərdən fərqlənir: “Rütubətə və Günəş işığına tələbatı yüksək olduğundan bitki bölgənin iqlim şəraitinə tez uyğunlaşıb. Düzgün qulluq göstərildikdə bambuk cəmi 6 həftə ərzində sürətlə böyüyür, boy atır”.
Müxbir - Fidan Əlizadə