MƏDƏNİYYƏT
İcma sədrinin müavini: N.Paşinyan Qərbi azərbaycanlıların çağırışlarına cavab vermək məcburiyyətində qalacaq
Bakı, 3 sentyabr, AZƏRTAC
Hər bir millətin mədəniyyəti onun tarixən əldə etdiyi maddi və mənəvi dəyərlərin məcmusudur. Qərbi Azərbaycanın etnomədəni mühitini əks etdirən sərgidə nümayiş olunan maddi-mədəniyyət nümunələri bir daha onu göstərir ki, Qərbi Azərbaycan Azərbaycanın milli-mədəni inkişafının formalaşdığı coğrafiyalardan biridir. Ermənilər tərəfindən Qərbi azərbaycanlıların soyqırımına, etnik təmizləmə siyasətinə məruz qalmasına baxmayaraq, bu gün yenidən böyük coşqu ilə öz hüquqlarını tələb etməsi məhz bu mədəniyyətdən, tariximizdən və milli yaddaşımızdan aldığımız güclə əlaqədardır.
Bunu AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
“2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev bir qrup Qərbi Azərbaycan ziyalısı ilə görüşərkən Qərbi Azərbaycana qayıdışın konseptual əsasları ilə bağlı strateji fikirlər səsləndirdi. Qısa müddətdə elə bir mərhələyə gəlib çatmışıq ki, Brüsseldə keçirilən Azərbaycan-Ermənistan sülh danışıqlarında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qərbi azərbaycanlıların Ermənistana qayıtması məsələsini də danışıqların predmeti olduğunu bildirdi. Bu, öz-özlüyündə mühüm tarixi hadisədir. Düşünürəm ki, bu gün hər nə qədər Ermənistanın baş naziri Nikol Paşinyan Qərbi azərbaycanlıların müraciətinə cavab verməsə də BMT, digər beynəlxalq təşkilatlar, strukturlar Qərbi azərbaycanlıların müraciət və çağırışlarını cavabsız qoymurlar. Gec-tez Paşinyan da Qərbi azərbaycanlıların çağırışlarına cavab vermək məcburiyyətində qalacaq. Qərbi azərbaycanlılar ləyaqətlə doğma torpaqlarına qayıdaraq tarixən yaratdıqları bu mədəniyyəti yenə də öz torpaqları üzərində inkişaf etdirəcəklər", - deyən H.Babaoğlu fikirlərinə yekun vurub.