İctimai Birliyin sədri: Yeni çağırışlar dövründə QHT-lər fəallığı daha da artırmalıdırlar
Şəki, 27 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsindən sonra cəmiyyətimizdə qeyri-hökumət təşkilatlarının fəallığı daha da artıb. Bu qurumların fəaliyyəti artıq cəmiyyət tərəfindən də qəbul edilir. Rəhbərlik etdiyim “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi respublikanın ucqar rayonlarından olan Zaqatalada yerləşir və 20 ildir ki, fəaliyyət göstərir. Qarşıya qoyduğumuz məqsəd təkcə Zaqatala deyil, qonşu rayonlar da əhatə olunmaqla, vətəndaş fəallığının artırılması ilə bağlı geniş layihələrin həyata keçirilməsindən ibarətdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva Şəkidə keçirilən regional forum zamanı söyləyib.
İctimai Birliyin təmsilçisinin sözlərinə görə, layihələrin həyata keçirilməsinə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi çox böyük dəstək olur. İctimai Birliyin bölgədəki alban abidələri ilə bağlı layihələri Agentlik tərəfindən dəstəklənir.
O bildirib ki, İctimai Birlik tərəfindən ötən müddət ərzində 1000-ə yaxın gəncin bölgədə yerləşən alban abidələrinə səfərləri təşkil olunub. Gənclər bu abidələr haqqında ətraflı məlumatlar əldə ediblər. Məqsəd odur ki, gənclər Azərbaycanın, eləcə də yaşadıqları bölgənin tarixinə dərindən bələd olsunlar.
Milli QHT Forumunun təşkil etdiyi regional forumun əhəmiyyətinə toxunan Elmira Mehdiyeva deyib: “Tarixi Zəfərdən sonra yeni çağırışlar var və QHT-lər yeni mövzulara müraciət etməli, fəallığı daha da artırmalıdırlar. Yeni çağırışlar dövründə bizdən nə tələb olunur? Bugünkü forumda məhz bu istiqamətdə müzakirələr, fikir mübadiləsi aparıldı. Çalışacağıq ki, bir-birimizin təcrübəsindən bəhrələnərək təkliflər verək, bu təkliflər əsasında işimizi quraq”.