İƏT Gənclərinin Yay Düşərgəsi uğurla başa çatıb
Bakı, 6 iyul, AZƏRTAC
Gənclər və İdman Nazirliyi (GİN) ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) tərəfdaşlığı əsasında Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində “İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb.
GİN-dən AZƏRTAC-a verilən məlumata görə, 3-5 iyul tarixlərində keçirilən düşərgə əsasən, Azərbaycanda təhsil alan İƏT-ə üzv ölkələrdən və qismən yerli tələbələrdən ibarət olmaqla, ümumilikdə 60 nəfər gənci bir araya gətirərək, onları strateji əməkdaşlıq, innovasiya və beynəlxalq şəbəkələşmə sahəsində birləşdirib.
Düşərgənin birinci günü mərkəzin layihə meneceri Nurlan Mollayevin rəhbərliyi ilə keçirilən şəbəkələşmə sessiyası gənclər arasında əlaqələrin qurulmasına həsr olunub. Daha sonra “Azərbaycan İƏT Tələbələr Assosiasiyası”nın baş katibi Momeena Mehdinin moderatorluğu ilə keçirilən “Yaradıcı sessiya”da iştirakçıların innovativ düşüncə qabiliyyətləri müzakirə olunub. Bu sessiya çərçivəsində “Azərbaycan İƏT Tələbələr Assosiasiyası”nın gələcək quruculuq prosesi geniş müzakirə olunub və bu təşəbbüs iştirakçılar tərəfindən region gəncləri arasında dayanıqlı platformanın formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilib. İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktorunun müavini Ramin Həbibzadə düşərgənin strukturu və qarşıya qoyulan strateji hədəflər barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbovun iştirakçılarla görüşü olub. Görüş zamanı nazir Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətlərindən, gənclərin şəxsi inkişafı və cəmiyyətdəki fəal mövqeyi üçün yaradılan geniş imkanlardan bəhs edib. Daha sonra görüş interaktiv müzakirə formatında davam edib.
Tədbirin ikinci günü düşərgə öz işinə gimnastika idman növü üzrə səhər idmanı və rəsmi diplomatik görüşlə başlayıb. İştirakçılar İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi ilə görüşüblər. Səfir gənclərlə söhbətində beynəlxalq arenada diplomatiya, dövlətlərarası əlaqələrin gənclər vasitəsilə gücləndirilməsi və mədəniyyətlərarası dialoqda gənclərin iştirakının əhəmiyyəti haqqında öz təcrübəsini bölüşüb.
Düşərgə ərzində gənclər aktiv idman sessiyaları, “3 Söz Çağırışı” adlı ideaton və Kür çayında gəzinti, Azərbaycan Süni İntellekt Platformasının yaradıcı direktoru Emil Abdullayevin rəhbərliyi ilə “Rəqəmsal bacarıqlar və süni intellekt” mövzusunda təlim, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin izlənilməsi, “Mentimeter” platforması vasitəsilə müzakirələr, avarçəkmə idman növü ilə tanışlıq kimi fəaliyyətlərlə də məşğul olublar.