İğdırda 102 il əvvəl erməni vəhşiliyinin qurbanı olan yerli sakinlərin xatirəsi anılıb
Ankara, 24 aprel, AZƏRTAC
Türkiyənin İğdır vilayətinin Hakmehmet kəndində erməni quldur birləşmələrinin 1919-cu ildə amansızcasına qətlə yetirdikləri müsəlman-türk əhalinin xatirəsini anma mərasimi keçirilib. İğdır Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə kütləvi məzarlıqda toplanan yerli sakinlər şəhidlərin xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsalın AZƏRTAC-a verdiyi məlumata görə, 1989-cu ildə Hakmehmet kəndində aparılan qazıntı zamanı aşkar edilmiş kütləvi məzarlıqda 51 yerli türkün cəsədi aşkarlanıb. Kənd sakinlərinin məlumatlarında isə bildirilir ki, 102 il əvvəl erməni vandalların törətdikləri həmin qətliamda 83 nəfər xüsusi amansızlıqla öldürülüb.
Anma mərasimində çıxış edən kənd sakinlərindən 77 yaşlı Pəri Ud bildirib ki, həmin qətliamda onun 7 əmisi erməni cəlladlar tərəfindən vəhşicəsinə öldürülüb.
İğdır “Muhtarlar” dərnəyinin sədri Mikail Ud erməni vandalların Anadolunun şərqində törətdikləri amansız cinayətlərdən bəhs edərək bildirib ki, günahsız müsəlman-türk əhalinin ermənilər tərəfindən qətlə yetirildiyini təsdiq edən kütləvi məzarlıqlar Hakmehmet kəndində olduğu kimi digər yerlərdə də aşkarlanıb.
Saxta “erməni məsələsi” üzrə araşdırmaçı Sərdar Ünsal bildirib ki, bölgədə, əsasən təsadüf nəticəsində üzə çıxan kütləvi məzarlıqlar erməni vəhşiliyinin bariz nümunəsidir. Bu faktlar bir daha təsdiq edir ki, uydurma “erməni soyqırımı” yalan və iftiradır. Bu məzarlıqlar ermənilərin müsəlman-türk əhalisinə qarşı törətdikləri bəşəri cinayətin inkaredici təsdiqidir. Kimi, hansı tərəfi əsl həqiqət maraqlandırırsa məsələyə siyasi baxış sərgiləmədən faktları yerindəcə araşdıra bilər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara