“II Könüllü proqramı” layihəsində aktiv olan tələbələr təltif ediliblər
Bakı, 24 iyun, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondunun təşkil etdiyi “II Könüllü proqramı” layihəsində aktiv fəaliyyət göstərən tələbə-könüllülərin təltifolunma mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a fonddan məlumat verilib.
Bildirilib ki, yanvarın 12-dən başlayan “II Könüllü proqramı” layihəsində 70 tələbə iştirak edib. Onlar ödənişli və əyani əsaslarla təhsil alan tələbələrə və onların valideynlərinə təhsilə əlçatanlığı təmin edən, təhsil almaqda bərabər imkanlar yaradan və təhsilin əhatə dairəsini genişləndirən təhsil tələbə kreditləri haqqında maarifləndirilmə xarakterli məlumatlar veriblər.
Proqramın sonunda bütün könüllülər maarifləndirmə prosesində fəal iştirak etdiklərinə görə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin üzvləri və məsul şəxsləri tərəfindən sertifikatlarla təltif ediliblər.
Təhsil Tələbə Krediti Fondunda növbəti “Könüllü” layihəsi ilə bağlı elan veriləcək.