III Avropa Oyunları: Boksçumuz Alfonso Dominqes yarışla erkən vidalaşıb
Novı Tarq, 24 iyun, AZƏRTAC
Azərbaycan boksçusu Alfonso Dominqes Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində gücünü sınayan dünya çempionu Yan Zakla (İsrail) qarşılaşıb.
Görüş boksçumuzun məğlubiyyəti ilə başa çatıb. Rəqib 4:1 (27:28, 28:27, 28:27, 28:27, 29:26) hesabı ilə qələbə qazanıb.
Digər boksçularımızdan Malik Həsənov (63,5 kq) və Murad Allahverdiyev (80 kq) Avropa Oyunlarına qələbə ilə başlayıblar.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan “Krakov-2023”də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.