İkinci “Yüksəliş” müsabiqəsinin qalibi “Mentorluq” proqramına qəbul olunan tələbələrlə görüşüb
Bakı, 14 dekabr, AZƏRTAC
“Yüksəliş” müsabiqəsi qalibinin “Mentorluq” proqramı çərçivəsində tələbələrlə növbəti görüşü keçirilib.
Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Mustafa Hüseynov proqrama qəbul olunan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Amina Rəcəbəliyeva, Adilə Hüseynli və Kamal Məmmədovla tanışlıq görüşü keçirib. Mustafa Hüseynov tələbələrlə marketinq sahəsinin əsasları, müasir trendləri, doğru əməkdaşlıq və əlaqə qurma bacarıqları barədə müzakirə aparıb, karyera seçimində doğru addım atmaq üçün qoyulacaq hədəflərdən, təhsil və təcrübə planlarından danışıb.
Mentor Mustafa Hüseynov Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb. Tələbələr isə öz növbəsində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduqlarını qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürünü bildiriblər.
Qeyd edək ki, tələbələr üçün “Mentorluq” proqramının əsas məqsədi III və IV kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Proqramın sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.