İL-76 TƏYYARƏSİNİN QƏZAYA UĞRAMASININ SƏBƏBLƏRİNİ AYDINLAŞDIRAN KOMİSSİYA İLK NƏTİCƏLƏRİ AÇIQLAMIŞDIR
O demişdir ki, qəza nəticəsində heyətin üzvlərindən 3 nəfər ölmüş, 4 nəfər müxtəlif zədələrlə Bakının xəstəxanalarına çatdırılmışdır. Heyətin bütün üzvləri Ukrayna vətəndaşlarıdır. Təyyarə Ankaradan Kabilə tikinti materialları aparırdı. Bakıda ona əlavə yanacaq doldurulmuşdur. İlkin araşdırmalar göstərmişdir ki, təyyarə Bakı beynəlxalq hava limanına yerli vaxtla saat 0.43 dəqiqədə enmişdir. Burada təyyarəyə nə yük vurulmuş, nə də ondan yük boşaldılmışdır, yalnız 47 ton həcmində yanacaq doldurulmuşdur. Onun havaya qalxması ləngidilmişdir, çünki mövcud qaydaya uyğun olaraq, təyyarələrin Kabil hava limanına enməsi ciddi şəkildə reqlamentləşdirilir. Vaxtı dəqiqləşdirmək zəruriliyi ilə əlaqədar təyyarənin yola düşməsi təxminən 8 saat gecikdirilmiş və bütün bu müddət ərzində heyət maşının içində olmuşdur.
Komissiyanın sədri vurğulamışdır ki, təyyarənin texniki vəziyyəti həmin uçuş tapşırığını yerinə yetirməyə imkan verirdi. Həmin vaxt hava limanı rayonunda naviqasiya şəraiti normal idi. “Azərbaycan Hava Yolları” Dövlət Konserninin bütün xidmətləri təyyarənin qəzaya uğramasından əvvəl də, sonra da dəqiq və sahmanlı işləmişdir. Qəzadan sonra təyyarədə baş verən yanğın ləngidilmədən söndürülmüşdür ki, bu da hava gəmisinin tamamilə dağılmasının qarşısını almışdır.
Georgi Yaçmenev bildirmişdir ki, təyyarədəki qara qutuların şifrləri hələlik tamamilə açılmayıbdır. Şifrlər açıldıqdan sonra hadisə haqqında daha dolğun məlumat alınacaqdır.