İlham Bayramov: Səhiyyə sahəsində standartların qəbul olunması üçün Texniki Komitə yaradılır
Bakı, 12 dekabr, AZƏRTAC
Qanunvericiliyə və beynəlxalq təcrübəyə əsasən, standartlar standartlaşdırma üzrə Texniki Komitələr vasitəsilə qəbul olunur. Biz hazırda Səhiyyə Nazirliyi ilə həmin Texniki Komitənin yaradılması istiqamətində iş aparırıq.
Bunu AZƏRTAC-a müsahibəsi zamanı Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.
Onun sözlərinə görə, bununla da Səhiyyə Nazirliyi əsas icraçı olaraq səhiyyə sahəsində həm texniki reqlamentlərin, həm də bu reqlamentlərin istinad standartlarının qəbul edilməsi nəzərdə tutulur.
“Konkret say demək çətindir. Çünki texniki reqlamentlərin istinad standartları müxtəlif olur. Elə standartlar var ki, tikinti sahəsində texniki reqlament qəbul olunacaq ki, onun mindən çox istinad standartları var. Bu rəqəmlər dəyişir. Deyə bilərəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumları ilə birlikdə bu istiqamətdə kompleks işlər aparılır. Növbəti illərdə də bununla bağlı nəzərdə tutulan həm reqlamentlərin, həm dövlət standartlarının qəbulu reallaşacaq”, - deyə İlham Bayramov vurğulayıb.
Müsahibənin tam versiyası az sonra AZƏRTAC-da dərc olunacaq.