İmişlidə ağacəkmə aksiyası zamanı 250-dən çox Eldar şamı əkilib
İmişli, 14 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin prezidentlik dövrünün 20 illiyi ilə əlaqədar İmişlidə ağacəkmə aksiyası keçirilib. Aksiya Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təşəbbüsü ilə Şəhidlər xiyabanında təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağacəkmə kampaniyasında YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar, “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov, Vətən müharibəsi iştirakçıları və partiya fəalları iştirak edib.
Bildirilib ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyinin ən güclü, dövlətçiliyinin ən möhtəşəm quruculuq mərhələsidir. Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, İlham Əliyev həm də böyük Zəfərin Müzəffər Komandanıdır. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarındandır. Aksiyanın məqsədi ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir. Ağacəkmə aksiyası çərçivəsində 250-dən çox şam ağacları əkilib, yeni əkilən ağaclara qulluq göstərilib, təmizlik-abadlıq işləri aparılıb.