İmişlidə şəhid Anar Cavadzadənin xatirəsinə inşa olunan bulaq istifadəyə verilib VİDEO
İmişli, 21 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirərək son damla qanına qədər döyüşən və şəhidlik zirvəsinə ucalan Anar Cavadzadənin xatirəsinə öz dostu tərəfindən bulaq inşa olunub.
AZƏRTAC xəbər verir ki, bulağın açılışında şəhidin ailə üzvləri ilə bərabər, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, döyüşçü yoldaşları iştirak ediblər. Anarın əziz xatirəsi yad olunub, ruhuna dualar oxunub.
Çıxış edənlər Cavadzadə Anar Tahir oğlunun şərəfli ömür yolundan, vətənpərvərliyindən söhbət açıblar. Bildirilib ki, Anar 1990-cı il aprelin 29-da İmişli rayonunda dünyaya gəlib. 1997-ci ildə İmişli şəhər 2 saylı tam orta məktəbə daxil olub. 9-cu sinfə qədər bu məktəbdə təhsil alan Anar ailəsi ilə Bakıya köçdükdən sonra şəhərin məktəblərindən birində orta təhsilini davam etdirib. Həqiqi hərbi xidmət zamanı topçu vəzifəsində hərbin sirlərinə peşəkarcasına yiyələnib. Hərbi xidmət müddəti bitdikdən sonra Bakıya qayıdan Anar burada bir çox sahələrdə çalışıb. 2018-ci ildə çəkilən şəhid İlham Cəfərovun 50 illik yubileyinə həsr olunan sənədli filmdə rollardan birini səsləndirib. Bu səsləndirməyə, həmçinin xüsusi səs tembrinə görə "İlin səsi" fəxri adına layiq görülüb.
Anar 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü olaraq yollanıb. Hərbi əməliyyatlarda topçu kimi şücaəti ilə seçilib. Oktyabrın 17-də Hadrut istiqamətində şəhid olub.
Döyüşçü yoldaşı Əli Hüseynov deyib: “Anar şəhid oldu, mənə isə qazi. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşmüşük. O, minaatan batareyada tuşlayıcı vəzifəsində idi, dəqiq atəşlə düşmənə ağır zərbələr vururdu. Hadrutda ağır döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəldi”.
Şəhidin atası Tahir Cavadov da qəhrəman oğlu haqqında qürurla danışır. Deyir ki, Anar hələ kiçik yaşlarından vətənpərvərliyi ilə seçilirdi. “O, döyüşlər başlayanda könüllü cəbhəyə yollandı. Vətən uğrunda canını fəda edərək 30 illik həsrətə son qoyanlar arasında yer aldı. Sağ olsunlar, döyüşçü yoldaşları, dostları tez-tez ziyarət edirlər”, - deyə şəhid atası söyləyir.
Qeyd edək ki, Anar Cavadzadə döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.