“İNCƏSƏNƏT VƏ ZAMAN: QARŞILIQLI TƏSİR VƏ QARŞILIQLI MƏNƏVİ ZƏNGİNLƏŞMƏ” ADLI SƏRGİ AÇILMIŞDIR
Muzeyin direktoru Röya Tağıyeva bildirmişdir ki, 40-a yaxın tətbiqi sənət və boyakarlıq nümunəsinin nümayiş olunduğu sərgidən məqsəd iştirakçıları XIX-XX əsr Azərbaycan-Rusiya mədəni əlaqələri ilə tanış etmək, əsrlər boyu qorunan dostluq ənənəsinin bu gün də inkişaf etdirildiyini göstərməkdir.
Azərbaycanda Rusiya İli çərçivəsində həyata keçirilən sərginin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, RF XİN yanında Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin MDB və Baltik Ölkələrindəki Soydaşlarla iş üzrə idarənin rəisi, siyasi elmlər doktoru Tatyana Poloskova çıxış edərək Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin qədim tarixə malik olduğunu diqqətə çatdırmışlar.
Əsərləri dünya sənət inciləri sırasına daxil olmuş, XIX əsrdə yaşayıb-yaratmış bir sıra rus rəssamlarının – Fyodor Juravlyovun, Konstantin Makovskinin, Vasili Perovun, Qustav Budkovskinin sərgidə nümayiş etdirilən tablolarında ilk baxışdan hiss olunur ki, onlar Azərbaycan xalçalarından istifadə etməklə təkcə rəsmlərin koloritli palitrasını tamamlayıb bəzəməmiş, eyni zamanda, rəsmlərin forma və məzmununu dolğunlaşdırmışlar.
Sərgidə 1921-ci ildə Şuşada Səltənət bəyim Behbutova tərəfindən Pavlo Pasadski yaylıqlarına xas güllərin surəti toxunmuş balışüzü və Qarabağ xalça məktəbinin “Bağçada güllər”, “Bulud”, “Atlı” (Şuşa) və sair nümunələri, döşəkçə, mütəkkə, kimi məmulatlar da rus dekorativ sənətinin ornamentləri ilə zəngindir.
Tədbirdə 1930-1940-cı illərdə Moskvada lentə alınmış Azərbaycan xanəndələrinin lent yazıları səsləndirilmiş, Rus Mədəniyyəti Mərkəzinin uşaq rəqs məktəbi üzvləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.