İndoneziya gənclərindən azərbaycanlı ekofəalların aksiyasına dəstək
Bakı, 19 dekabr, AZƏRTAC
Məlum olduğu kimi, bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF ARM) İdarə Heyəti Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstəyi ifadə edən bəyanatla çıxış edib. Belə ki, sənəddə Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalması təəssüflə bildirilir, eyni zamanda, keçiriləcək monitorinqlərin obyektivliyini təmin etmək məqsədilə, Azərbaycan ekoloji könüllülərinə dəstək olaraq Avrasiya regionu gənc ekoloqlarından ibarət heyətin monitorinqlərə qatılmasına hazırlıq ifadə olunur.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumundan AZƏRTAC-a bildirilib ki, sözügedən bəyanata həmrəylik olaraq artıq bir neçə müsəlman gənclər təşkilatı İƏGF Avrasiya Regional Mərkəzinin bu aksiyasına öz dəstəklərini bildiriblər. İndoneziya Milli Gənclər Şurası və İndoneziya İƏT Gənclər Təşkilatı müvafiq bəyanatlarla çıxış edərək, azərbaycanlı ekoloqların Qarabağda keçirdiyi monitorinqə öz dəstəklərini ifadə ediblər, onların qarşısında yaradılan süni maneələrin qısa zamanda aradan qaldırılmasına, eləcə də indoneziyalı gənclərin Azərbaycanın haqq işi ilə həmrəy olmağa çağırış ediblər. İndoneziyanı təmsil edən gənclər qurumları qısa zamanda Cənub Şərqi Asiya bölgəsindən olan gənc ekoloqlardan ibarət qrupun Qarabağa göndərilməsini təmin etməyə hazır olduğunu bildiriblər.
Bu bəyanatda İƏGF Avrasiya Regional Mərkəzinin başladığı ekoaksiyaya həmrəylik və dəstək ifadə olunur.
Qeyd edək ki, bu yaxınlarda Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutu və Gənc Diplomatiya Forumu analoji bəyanatlarla çıxış edib.