İndoneziya Prezidenti: ASEAN ölkələrinin zirvə görüşü vahid Birliyə aparan “körpüdür”
Bakı, 7 may (AZƏRTAC). Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mayın 8-də Cakartada açılmış 18-ci zirvə görüşü bu nüfuzlu regional təşkilatın 2015-ci ilədək vahid ASEAN Birliyinə çevrilməsi vəzifəsinin yerinə yetirilməsi üçün “körpü” rolunu oynamalıdır.
Bu fikri ASEAN ölkələrinin dövlət və hökumət başçılarının görüşünün açılışında İndoneziya Prezidenti Susilo Bambanq Yudxoyono səsləndirmişdir.
O xatırlatmışdır ki, 1967-ci il avqustun 8-də Bankonqda İndoneziya, Malayziya, Sinqapur, Tailand və Filippin (daha sonra Bruney-Darüssəlam, Vyetnam, Kamboca, Laos və Myanma daxil olmuşdur) tərəfindən yaradılmış ASEAN regional inteqrasiyanın pionerlərindən biri sayılır. S.B.Yudxoyono 2015-ci ilədək siyasət, təhlükəsizlik, ticarət-iqtisadi və mədəniyyət-humanitar sahələrində üç birliyin yaradılması ilə bağlı ASEAN üzvlərinin öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin zəruri olduğunu vurğulamışdır.
Onun fikrincə, Cənub-Şərqi Asiya ölkələri üçün ərzaq və enerji təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edəcəkdir.
Cənub-Şərqi Asiya təbii fəlakətlərə meylli regiondur. Bu səbəbdən ASEAN-ın humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Əlaqələndirmə Mərkəzini yaratmaq, habelə bu sahədə birgə səyləri intensivləşdirmək lazımdır.
ASEAN ölkələrinin ümumi əhalisinin sayı təxminən 600 milyon nəfər təşkil edir. Assosiasiyanın üzvü olan ölkələrin iqtisadi artımının ümumi sürəti bu il 7,8 faiz təşkil etmişdir.
Bununla əlaqədar, regionda iqtisadi inteqrasiya məsələləri xüsusi əhəmiyyət kəsb edir. ASEAN ölkələrinin maliyyə nazirləri qurumun İnfrastruktur Fondunun yaradılması barədə razılığa gəlmişlər. Fond region ölkələrinin iqtisadiyyatlarının qarşılıqlı surətdə əlaqələndirilməsinin təmin olunmasında əhəmiyyətli rol oynamalıdır.
S.B.Yudxonono əmin etmişdir ki, yaxın vaxtlarda ASEAN çərçivəsində ümumən 700 milyon dollar məbləğində kredit və investisiya təminatları barədə saziş qüvvəyə minəcəkdir.
ASEAN-ın zirvə görüşü iki gün davam edəcəkdir.