İndoneziyada qəzaya uğrayan təyyarənin qırıntıları və insan bədəninin hissələri aşkar edilib
Tokio, 10 yanvar, AZƏRTAC
Xilasedicilər “Boeing 737-500” sərnişin təyyarəsinin Yava dənizinə düşdüyü ərazidə metal qırıntıları, insan bədəninin hissələrini və geyim parçaları aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya kütləvi-informasiya vasitələri yanvarın 10-da rəsmi mənbələrə məlumat yayıblar.
Milli Axtarış-Xilasetmə Agentliyinin rəhbəri Baqus Puruhito bəyan edib ki, həmin əşyalar Lankanq və Laki adaları arasındakı sularda aşkar edilib.
“Biz əminik ki, təyyarə məhz bu ərazidə qəzaya uğrayıb”, - deyə İndoneziya aviasiyasının baş marşalı Hadi Tyacanto bildirib. Onun sözlərinə görə, bu barədə ərazidə axtarış aparan dalğıclar məlumat veriblər. Onlar həmin ərazidə suyun aydın olduğunu və bunun təyyarənin parçalarını aşkar etməyə imkan yaratdığını bildiriblər.
İndoneziyanın Nəqliyyat naziri Budi Karya Sumadi isə bəyan edib ki, təyyarənin qəzaya uğradığı yer müəyyən edildikdən sonra oraya lazım olan bütün qüvvələr göndərilib.
İndoneziya hərbi-dəniz qüvvələrinin nümayəndəsi isə xilasedicilərin şirkətin rənglərinə uyğun təyyarəyə məxsus fyuzelyajın qırıntılarını, elektrik kabellərini və şassini aşkar etdiklərini bildirib. Onun sözlərinə görə, həmin hissələr tezliklə sahilə çıxarılacaq.
Xatırladaq ki, yanvarın 9-da İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Male adaları yaxınlığında Yava dənizinə düşüb. Təyyarə Cakartadan Kalimantan adasında yerləşən Pontianak şəhərinə uçurmuş. Təqribən 3 kilometr hündürlüyə qalxan təyyarə gözlənilmədən bir dəqiqə ərzində dəniz səviyyəsinə düşüb və radarlardan itib.
İndoneziya Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 62 nəfər olub. İlkin məlumata görə onların hamısı həlak olub.
Azərbaycanın İndoneziyadakı Səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə verilən məlumata görə, təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio