İnformasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsasları araşdırılır
Bakı, 21 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində e-elmin formalaşması və elmmetriya problemləri üzrə tədqiqatlar aparılır.
Bu barədə AZƏRTAC-a Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova məlumat verib.
M.Səidova cari il ərzində “Elmi təyinatlı kontentlərin avtomatik ekspertizası və qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi üzrə görülən işləri diqqətə çatdırıb. Bildirib ki, mövzu çərçivəsində saxta jurnalların identifikasiya metodları analiz olunub, istinadlar şəbəkəsi əsasında müəlliflərin qiymətləndirilməsi üçün metod işlənilib və eyni zamanda, saxta jurnalların avtomatik identifikasiyası üçün alqoritmin işlənməsi istiqamətində tədqiqatlar aparılır.
O, həmçinin “E-kitabxanaların metaverilənləri əsasında elmmetrik qiymətləndirmə meyarlarının tətbiqi ilə intellektual informasiya sistemi konsepsiyasının işlənilməsi”, eləcə də “Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzuları üzrə işlərin yerinə yetirildiyini diqqətə çatdırıb.
Şöbə müdiri institutun elmi istiqamətləri üzrə əməkdaşların nəşr edilmiş əsərlərinin xülasələrinin, “Jurnalogiya: akademik nəşr prosesinin aspektləri”, eləcə də “Web of Science”də jurnal qiymətləndirməsi və seçim meyarları” adlı ekspres-informasiyaların hazırlandığını vurğulayıb.