İordaniya agentliyi: Qarabağ Zəfərinin davamı olan “Xarıbülbül” festivalı daha bir uğur hekayəsidir
Qahirə, 21 may, AZƏRTAC
İordaniyanın “Nayrouz” informasiya agentliyinin saytında AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun “Xarıbülbül”ün qayıdışı və Şuşadan dünyaya verilən mesajlar” sərlövhəli məqaləsinin ərəb dilinə tərcüməsi dərc olunub.
Qarabağ Zəfərinin davamı olan “Xarıbülbül” musiqi festivalının daha bir uğur hekayəsi olduğu vurğulanan məqalədə tarixə yazılan bu günlərin uzun illərin ayrılığından sonra qovuşduğumuz, qucaqladığımız yurd yeri, bənzərsiz hadisə olduğu qeyd edilir. Müəllif yazır ki, “Xarıbülbül”ün qayıdışı multikulturalizmin Azərbaycan modelinin daha bir parlaq nümayişi idi və qədim Şuşadan dünyaya musiqinin dili ilə ibrətamiz mənəvi-siyasi mesajlar ünvanlanırdı.
Məqalədə iordaniyalı oxuculara əyilməyən, sınmayan və Azərbaycan ruhunu qoruyan Şuşanın tarixi, ulu öndər Heydər Əliyevin bu qədim şəhər haqqında kəlamları, Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək mədəniyyət paytaxtımızı düşmən işğalından azad etməsi barədə geniş məlumat verilir. Müəllif vurğulayır ki, musiqi və birlik, qayıdış və milli ləyaqət bayramı olan “Xarıbülbül” festivalı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilmişdi.
Yazıda Şuşadan dünyaya verilən mühüm mesajlardan bəhs olunur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə