İordaniya mətbuatı Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumu haqqında yazır
Əmman, 7 may (AZƏRTAC). İordaniyanın bir sıra kütləvi informasiya vasitələrində aprelin 28-29-da Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumu haqqında məqalələr dərc edilmişdir.
Məqalələrdə Forumla bağlı ətraflı məlumat verilir. Bildirilir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı ilə, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə 57 ölkədən 200-dək nüfuzlu ictimai-siyasi xadim, rəsmi şəxs, ekspert və elm adamı iştirak etmişdir.
Diqqətə çatdırılır ki, müasir dövrümüz üçün xüsusi aktuallıq kəsb edən önəmli məsələlərin müzakirə olunduğu Forumda İordaniyadan geniş nümayəndə heyəti iştirak etmişdir. Bildirilir ki, bu, həm də Azərbaycan-İordaniya əlaqələrinin inkişafının göstəricisidir. Bundan başqa, nümayəndə heyətinin Bakıda bir sıra yüksək səviyyəli səmərəli görüşlər keçirdiyi, həmin görüşlərdə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu vurğulanır.
Məqalələrdə Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman