İordaniyada beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllində roluna dair konfrans keçirilib
Əmman, 12 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), ölkəmizin İordaniyadakı səfirliyinin və Petra Universitetinin birgə təşkilatçılığı ilə bu təhsil ocağında “Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Professor Hatem Serairanın moderatorluğu ilə keçirilən konfransda təhsil ocağının professoru Müvaffiq Məhəmməd əl-Əcluni çıxışında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayaraq, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzdən bəhs edib. O, xüsusi qeyd edib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistandan işğal olunmuş torpaqlardan çıxmağı tələb edir.
SAM-ın direktor müavini Gülşən Paşayeva “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun rolu” mövzusunda çıxış edib. O, Minsk qrupunun vasitəçilik səyləri haqqında ətraflı məlumat verib. G.Paşayeva münaqişənin həll edilməməsinin əsas səbəbləri kimi vasitəçilərin və beynəlxalq təşkilatların ikili standartlardan çıxış etməsini və Ermənistanın status-kvonun dəyişdirilməsində maraqlı olmamasını diqqətə çatdırıb.
SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, bu qərar və qətnamələrin əsas tələblərinin bu günə qədər yerinə yetirilməməsi beynəlxalq hüquq rejiminin pozulması deməkdir.
SAM-ın məsləhətçi eksperti Kamal Qasımov “İslam Əməkdaşlıq Təşkilatının silahlı münaqişələrin həll edilməsində rolu” mövzusunda çıxışında Ermənistanın təcavüzkar siyasəti ilə bağlı İƏT-in qəbul etdiyi qərarlardan danışıb. Ekspert Dağlıq Qarabağda Azərbaycanın tarixi irsinin məhv edildiyini tədbir iştirakçılarının dıqqətinə çatdırıb.
Sonra SAM-ın nümayəndələri auditoriyanın suallarını cavablandırıblar.
Tədbir İordaniyanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman