“İpək yolu” beynəlxalq musiqi müsabiqəsi qaliblərinin iştirakı ilə konsert təşkil edilib
Bakı, 5 mart, AZƏRTAC
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Qazaxıstan Respublikasının Pavlodar şəhərində keçirilən “İpək yolu” beynəlxalq musiqi müsabiqəsi qaliblərinin iştirakı ilə konsert təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Qazax Milli İncəsənət Universitetinin professoru Timur Urmançeyevin layihəsi olan bu müsabiqənin məqsədi klassik musiqi ənənələrini təbliğ etmək, istedadlı gənclərin fərdi yaradıcılıq xüsusiyyətlərini üzə çıxarmaq, ifaçılıq sənətinin daha da kamilləşməsinə nail olmaq üçün musiqi təhsil müəssisələri müəllimlərinin birgə əməkdaşlığını fəallaşdırmaq, aparıcı müəllimlərin təcrübəsini yaymaq, konsert və pedaqoji repertuarları dünya klassik musiqi nümunələri ilə zənginləşdirmək, müxtəlif ölkələrin musiqiçiləri, təhsil müəssisləri, konsert təşkilatlarının əlaqələrini genişləndirməkdir.
Müsabiqədə Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və İncəsənət Gimnaziyası, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbi, R.Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbi, G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbləri ilə yanaşı, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tələbə və şagirdləri iştirak edərək diplom və mükafatlara layiq görülüblər.
Müsabiqədə şagirdlərimizi aparıcı konsertmeyster, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədova müşayiət edib.